`Atam qayıtsın, deyəcəyəm ki, bir də getmə` - Kəlbəcərli girovun qızı | VİDEO, FOTOLAR

`Atam qayıtsın, deyəcəyəm ki, bir də getmə` - Kəlbəcərli girovun qızı | VİDEO, FOTOLAR
  23 Oktyabr 2014    Oxunub:18699
AzVision.az-ın əməkdaşları Kəlbəcərdə ermənilər tərəfindən girov götürülən yerli sakin Şahbaz Quliyevin evində olub və onun ailə üzvlərilə söhbət ediblər.

Şahbaz Quliyevin 4-cü sinifdə oxuyan qızı Elza deyir ki, ən böyük istəyi atasını görməkdir:

- O, evdə olanda mən çox sevinirəm. (ağlayır). Mən atamın nə zaman gələcəyini, geri dönəcəyini bilmək istəyirəm. O, çox sevimlidir, onu çox sevirəm. Onun geri dönməsini istəyirəm (ağlayır). Mən onun üçün çox darıxıram. Mən 4 aydır ki, onu görmürəm. Onun evə gələcəyi günü və bizim hamımızın bir yerdə olmağımızı gözləyirəm. O, evə qayıdanda deyəcəyəm ki, “Daha belə etmə, uzaqlara getmə”. Mən onun üçün çox darıxıram, atamı qucaqlamaq istəyirəm.

Düşmənə girov düşən azərbaycanlının qardaşı İlham deyir ki, Şahbazın ora getməsindən xəbərləri olmayıb:

- Onun ermənilər girov götürülməsi xəbərini bir jurnalistdən eşitdim. Gavurun əlinə əsir düşdün, vəssalam... pisdir də. Qardaş yoxdursa, evin dirəyi yoxdur demək. Allah dövlətimizdən razı olsun, kömək edirlər. Allah Şahbazın da, Dilqəmin də qapılarını açsın. Hər ikisi bizə qardaşdır. Tezliklə ailəsinə gəlsin. Gözümüz yolda qaldı.

Qardaş yanğısı pis şeydir... Daha danışa bilmirəm, söndürün kameranı. Anamın hələ də xəbəri yoxdur. Demirik, gözləyirik görək, haçana kimi çəkəcək. 80 yaşında qadındır, necə deyim ki, kiçik oğlun əsirlikdədir?! Demişik ki, Rusiyadadır Şahbaz. Görək də, Allah kərimdir. 3 qardaşıq, üçümüz də veteranıq.

Şahbaz burada özəl “Kamaz” götürüb işlədirdi. Yazığın heç evi də yox idi, kirayədə qalırdı. İndi ailəsinə biz bacı-qardaşları baxırıq. Biz ondan tək məktub deyil, videosunu da gözləyirik.

Şahbazın həyat yoldaşı Albina da deyir ki, girovlarımızın geri qayıtmasını çox səbirsizliklə gözləyir:

- Bizə onların məktublarını oxumaq çox çətindir, ağır gəlir. Onun bizimlə olmasını istəyirik. Qızım Elzanın hər gün onu soruşması, onun geri dönməyini xahiş etməsini görmək mənə çox çətindir (ağlayır). Elza evin tək uşağıdır. O, hər gün ağlayır. Biz prezident İlham Əliyevə bizim üçün etdiyi hər şeyə görə təşəkkür edirik və xahiş edirik ki, girovların qaytarılmasına kömək etsin. Bircə arzum var, Şahbaz bizimlə olsun.

Şahanə Rəhimli
Kamera və montaj: Nuron Məmmədli

Qalereya




Teqlər:  





Xəbər lenti